Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq qərara alıram:

  1. "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə edilir).
  2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 28 noyabr 2000-ci il

      № 421

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında

 

ƏSASNAMƏ

 

  1. Ümumİ müddəalar

 

  1. Bu Əsasnamə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq islahatı haqqında" və "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası qanunlarına və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikası ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətinin(torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti istisna olmaqla)həyata keçirilməsi qaydalarını müəyyən edir. [1]
  2. Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətinin məqsədi bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrindən səmərəli istifadə edilməsində, onların mühafizəsinin və keyfiyyətinin yaxşılaşdırılmasında, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və texniki uçotunun aparılmasında, habelə yerquruluşu, axtarış və kəşfiyyat işlərinin həyata keçirilməsində, torpaq sahəsi üzərində öhdəliklər və məhdudiyyətlərin, servitutların yerinə yetirilməsində torpaq qanunvericiliyinin tələblərinə riayət edilməsini təmin etməkdir.
  3. Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan RespublikasınınAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsihəyata keçirirlər. [2]
  4. Torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarəti orqanlarının tərkibinə həmçininAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələridaxildir.[3]
  5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasında torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir, onun həmin sahə üzrə müavini isə Baş Dövlət Müfəttişinin müavinidir.[4]
  6. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə görə eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə Baş Dövlət Müfəttişidir, onun həmin sahə üzrə müavini isə Baş Dövlət Müfəttişinin müavinidir.
  7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru, onun müavinləri və aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur vahidlərinin (şöbələrinin) rəhbərləri vəzifələrinə görə eyni zamanda torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə dövlət müfəttişləridir, dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş digər işçilər isə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.
  8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir, yerli qurumların (bölmələrin) dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir.

 

II. TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİNİ HƏYATA KEÇİRƏN ORQANLARIN VƏZİFƏLƏRİ

 

  1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti vəzifələrinə uyğun olaraqAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi:[5]

9.1. öz səlahiyyətli daxilində ölkə ərazisində bütün torpaqların səmərəli istifadəsinə və onların mühafizəsinə dövlət nəzarətini təşkil edir və həyata keçirir;

9.2. təbii və antropogen proseslərin zərərli təsirləri nəticəsində torpaqların münbitlik xassələrinin pisləşməsi ilə tənəzzülə (deqradasiya) uğraması səbəblərini araşdırıb ekspertizasını təşkil edir və bunların aradan qaldırılması barədə müvafiq təkliflər hazırlayır;

9.3. torpaqların münbitliyinin bərpası, onun artırılması və mühafizəsi məqsədi ilə aparılmış aqrotexniki, aqrokimyəvi, meliorativ (rekultivasiya tədbirləri), fitosanitar, eroziyaya qarşı mübarizə və digər kompleks tədbirləri barədə aidiyyəti üzrə hesabat verir;

9.4. münbitliyi itirilmiş torpaqların münbitlik xassələrinin bərpası və artırılması məqsədi ilə onların müvəqqəti təsərrüfat dövriyyəsindən çıxarılması və konservasiyası barədə təkliflər verir;

9.5. torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir;[6]

9.6. torpaq qanunvericiliyinin pozulması hallarını müəyyən edir və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

  1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, onlarınonların yerli qurumları və yerli bölmələri aşağıdakılar barədə dövlət nəzarətini həyata keçirirlər; [7]

10.1. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrinin təyinatı üzrə istifadə edilməsinə və qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilməsinə;

10.2. torpaqların mövcud istifadə vəziyyəti, uçotu və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı, habelə ehtiyat torpaq fondu (istifadə edilməyən torpaqlar) barədə dürüst məlumatlar verilməsinə;

10.3. torpağın üst qatının pozulması işlərinin aparılması zamanı onun üst münbit qatının (əkin və əkin altı qatı) kənara götürülməsi və həmin torpaq kütləsinin torpağın təkrar rekultivasiya olunması və eləcə də ərazidə mövcud olan qeyri münbit torpaqların əkin qatının yaxşılaşdırılmasında istifadə edilməsinə;

10.4. torpaqların münbitlik xassələrinin yaxşılaşdırılması, eroziyanın qarşısının alınması, şorlaşması, şorakətləşməsi, bataqlaşması, su altında qalması, məişət tullantıları, çirkab suları, eləcə də müxtəlif mənşəli radioaktiv və kimyəvi elementlərlə çirklənməsi, zəhərli bitkilərlə, alaq otları və kol-kosla örtülməsi, tənəzzülə uğraması (deqradasiya) və digər mənfi təbii və antropogen proseslərə qarşı kompleks mübarizə tədbirlərinin vaxtında yerinə yetirilməsinə;

 

III. TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİ ORQANLARININ HÜQUQLARI

 

  1. Torpaqlardan istifadəyə və onların mühafizəsi üzrə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Baş dövlət müfəttişlərinə, onların müavinlərinə, dövlət müfəttişlərinə, müfəttişlərə, habelə rayon (şəhər) dövlət müfəttişlərinə onlara həvalə edilmiş vəzifələrə müvafiq olaraq öz səlahiyyətləri daxilində aşağıdakı hüquqlar verilir:

11.1. torpaq qanunvericiliyinin pozulmasında təqsirkar olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müəyyən edilmiş qaydada tərtib edilmiş sənədləri müvafiq orqanlara göndərmək;

11.2. torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar torpaq mülkiyyətçilərininin, istifadəçilərinin və icarəçilərin, habelə digər fiziki və hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən imtina edildikdə, məhkəmə qarşısında iddia qaldırmaq;

11.3. torpaqlardan səmərəli istifadə, onların mühafizəsi məsələləri, torpaq islahatı, yerquruluşu işləri, torpaqla bağlı digər məsələlərin həlli ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəlməyən qərar, sərəncam və digər normativ xarakterli aktlarının ləğv edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırmaq;

11.4. torpağın üst münbit qatını götürmədən yollar salınmasını, boru kəmərlərinin, qurğuların və digər obyektlərin tikintisi və quraşdırılmasını, kanallar çəkilməsini. Habelə torpaqların mühafizəsinə zidd olaraq aparılan geoloji kəşfiyyat, axtarış, geodeziya, başqa elmi-tədqiqat, sınaq-təcrübə işlərinin, aqrotexniki və meşə meliorativ tədbirlərinin həyata keçirilməsini, hidrotexniki qurğuların quraşdırılmasını və terrasların salınmasını, torpaqların mühafizəsini təmin edən tədbirlərinin görülməsinə qədər müvəqqəti dayandırmaq barədə müvafiq yerli icra hakimiyyətləri və bələdiyyələr qarşısında məsələ qaldırmaq;

11.5. torpaq qanunvericiliyini pozan vəzifələri və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək;

11.6. qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda mülkiyyətə, istifadəyə və icarəyə verilmiş torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi üçün aidiyyəti üzrə müvafiq məhkəməyə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə təkliflər vermək;[8]

11.7. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərindən torpaqlardan səmərəli istifadə və onların mühafizəsi vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş qaydada statistik və digər məlumatları almaq;

11.8. torpaq sahələrində elmi tədqiqat, sınaq-təcrübə işləri aparmaq və onların nəticələrini ekspertiza etmək, torpaqların səmərəli istifadəsi və mühafizəsi barədə tədbirlərin yerinə yetirilməsi vəziyyətini yoxlamaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada mütəxəssislər cəlb etmək;

11.9. torpaq sahəsi ayrılmış hüquqi şəxslərə xidməti vəsiqəni təqdim etməklə həmin torpaq sahələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirmək;

11.10. torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məsələlərinə dair təklif və tövsiyələr vermək;

11.11. təbiət mühafizə tələbləri pozulmaqla aparılan aqrotexniki və meşə-meliorativ işlərini, habelə təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarix-mədəniyyət təyinatlı torpaqlardan istifadə edilərkən qanunvericiliyə uyğun müəyyən edilmiş rejim pozulmaqla aparılan işlərin dayandırılması barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək.

  1. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və onun yerli bölmələri torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə onun müəyyən etdiyi formada hər ilin 1 yanvar tarixinə olan vəziyyətə dair hesabat təqdim edirlər.[9]

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)
  2. 2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660)
  3. 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244)
  4. 1 dekabr 2016-cı il tarixli 1137 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 dekabr 2016-cı il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2055)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 1-ci bənddə “nəzarətinin” sözündən sonra “(torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[2] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 3-cü bənddə “Dövlət Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 4-cü, 9-cu, 10-cu və 12-ci bəndlərdə "Azərbaycan Respublikasının Dövlət Torpaq", 5-ci və 7-ci bəndlərdə "Azərbaycan Respublikası Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 4-cü bənddə “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin rayon (şəhər) torpaq şöbələri” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

[4] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 8-ci bənddə yeni redaksiyada yeni cümlə əlavə edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 5-8-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

  1. Azərbaycan Respublikası Dövlət Torpaqvə XəritəçəkməKomitəsinin sədri vəzifə etibarı ilə eyni zamanda Azərbaycan Respublikasında torpaqlardan istifadə və onların mühafizəsi üzrə Baş Dövlət müfəttişlər, onun müavinləri isə Baş dövlət müfəttişinin müavinləridir.
  2. Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin sədri vəzifə etibarlı ilə eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində torpaqlardan istifadə və onların mühafizəsi üzrə Baş dövlət müfəttişidir, onun müavini isə baş dövlət müfəttişinin müavinidir;
  3. Azərbaycan Respublikası Dövlət Torpaqvə XəritəçəkməKomitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin baş idarələrinin və onların tərkibindəki şöbələrin rəisləri vəzifə etibarlı ilə eyni zamanda torpaqlardan istifadəyə və onların mühafizəsi üzrə dövlət müfəttişləridir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin mərkəzi aparatında dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş baş mütəxəssisləri və aparıcı mütəxəssisləri isə torpaqdan istifadə və onların mühafizəsi üzrə müfəttişlərdir.
  4. Rayon (şəhər) torpaq şöbələrinin müdirləri vəzifə etibarlı ilə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizə üzrə rayon (şəhər) dövlət müfəttişləridir.Rayon, şəhər torpaq şöbələrinin baş mütəxəssisləri müvafiq rayon, şəhər torpaqlardan istifadə və onların mühafizəsi üzrə müfəttişlərdir

 

[5] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 9-cu bənddə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 1 dekabr 2016-cı il tarixli 1137 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 dekabr 2016-cı il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2055ilə 9.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

9.5. Torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) halları ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırır;

 

[7] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 10-cu bənddə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə “rayon (şəhər) torpaq şöbələri” sözləri isə “onların yerli qurumları və yerli bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

[8] 2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660) ilə Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 797; 2001-ci il, № 12, maddə 755) 11-ci bəndinin 11.6-cı yarımbəndində “məhkəməyə,” sözündən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri əlavə edilmişdir.

 

[9] 15 fevral 2016-cı il tarixli 780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 244) ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 12-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

  1. Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaqvə XəritəçəkməKomitəsi, rayon (şəhər) torpaq şöbələri torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarəti barədə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin müəyyən etdiyi formada hər ilin 1 yanvar vəziyyətinə ona hesabat təqdim edirlər.