Özəlləşdirmə hərraclarının keçirilməsi ilə bağlı 100 nəfərlik hərrac zalında monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq imkanları yaradılıb. Özəlləşmənin elektronlaşdırılması prosesin sürətlənməsinə və investorların marağının artmasına imkan verib. Elektron hərracda elektron imzası olan hər bir vətəndaş yerindən asılı olmayaraq elektron hərrac sisteminə qoşularaq iştirak edə bilər. İndiyədək 28 elektron hərrac keçirilib və 900-dən çox əmlak satışı üzrə elektron sifariş qəbul olunub.

Burada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.

Prezident İlham Əliyevə torpaqların idarə edilməsində istifadə olunan Peyk Müşahidə Sistemi layihəsinin iş prinsipi barədə məlumat verildi. Layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların, süni intellektin imkanlarından istifadə edilməsidir. Layihə nəticəsində ölkə ərazisi peyk vasitəsilə 5 gündən bir çəkilir. Peyk vasitəsilə çəkilmiş bütün təsvirlər süni intellektin tətbiq olunduğu Peyk Müşahidə Sisteminə daxil edilir. Süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları Sistem vasitəsilə avtomatik olaraq müəyyən edilir. Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə yerində baxışın keçirilməsi Komitənin torpaq müfəttişləri tərəfindən təmin edilir, aşkarlanmış qanunsuz tikililərin qarşısı alınır, torpağın münbit qatının korlanmasına və ümumiyyətlə, qeyri-qanuni istifadəsinə yol verilmir. Komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından kənd təsərrüfatı təyinatlı torpaqlarda əkilmiş bitkilərin müəyyənləşdirilməsi və monitorinqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, fövqəladə hadisələr zamanı meşə yanğınlarının müəyyən edilməsi və təbiətə dəyən zərərin monitorinqi, su daşqınları zamanı dəyişikliklərin və çaylarda suların artma-azalma intensivliyinin müəyyən edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, meşə fonduna daxil olan ərazilərdə dəyişikliklərin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən istifadə olunacaq. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.

Eyni zamanda, lokal ərazilərdə torpaqlarda baş verən dəyişikliklərin öyrənilməsi, nəzarətin keyfiyyətinin artırılması, daşınmaz əmlakın kadastrı və torpaqların elektron uçotunun aparılması, məkan məlumatları və aerofoto çəkilişlərlə yanaşı, yeni texnologiya olan dron çəkilişlərindən də istifadə ediləcək.

Əmlakların 3D çəkilişlərinin aparılması məqsədilə son texnologiyalardan olan “Matterport” avadanlığından istifadə edilir. Bu innovativ avadanlıq daşınmaz əmlak, mənzil, fərdi ev, zavod, fabrik, muzey və digər tikililərin 3D modelini əldə edir, plan–çertyojları və ölçüləri avtomatik olaraq qısa müddət ərzində hazırlayır, əmlakın qeydiyyatında, hərraclarda, özəlləşdirmədə əmlak barəsində ətraflı məlumatı təqdim edir.

“Streetview” layihəsi nəqliyyat infrastrukturu obyektlərinin vizual rəqəmsallaşdırılmasını, seçilmiş yollar, küçə və prospektlər üzrə ünvan reyestrinin dayanıqlı idarə olunmasını təmin edir. Bu sistem əldə olunan məlumatların Ünvan portalına inteqrasiyasını və reyestrdə ünvanvermə işinin asanlaşdırılmasını təmin edir.

Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.