DÖVLƏT ƏMLAKININ QORUNUB SAXLANILMASI VƏ SƏMƏRƏLİ

İSTİFADƏ EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində qəbul olunmuş dövlət proqramlarının icrası ilə bağlı son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində sahibkarlığın inkişafı geniş vüsət almış və dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsində özəl bölmənin rolu xeyli artmışdır. Hazırda ümumi daxili məhsulun istehsalında bu bölmənin xüsusi çəkisi 80 faizə yaxınlaşsa da, hələlik dövlət mülkiyyətində milyardlarla manat dəyərində əmlakı olan çoxlu sayda müəssisə və obyekt fəaliyyət göstərir. Müşahidələr göstərir ki, bir sıra hallarda dövlət müəssisələrinin idarə edilməsində nöqsanlara yol verilir və onların sərəncamında olan dövlət əmlakından səmərəli istifadə təmin edilmir. Belə ki, bəzi müəssisələrdə dövlət əmlakının qeydiyyatdan yayındırılması, borcların yaranması və həmin borclara görə onların müflisləşmə təhlükəsi ilə üzləşməsi, müəssisələrin yerləşdiyi torpaq sahələrinin təyinatının əsassız dəyişdirilməsi kimi hallara rast gəlinir. Belə səbəblər üzündən ayrı-ayrı müəssisələr yararsız hala düşərək fəaliyyətlərini dayandırır, onların yüksək ixtisaslı fəhlə və mütəxəssisləri iş yerlərindən məhrum olurlar.

Müasir şəraitdə dövlət müəssisələrinin idarə edilməsi və dövlət əmlakından istifadə mexanizmlərini təkmilləşdirmək, bu sahədə dövlət nəzarətini gücləndirmək və şəffaflığı artırmaq, dövlət müəssisə və təşkilatlarında restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram

1. «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur - Əlavə I).

2. «Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində  nəzarətin həyata keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur – Əlavə II).

3. «Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası Qaydaları» təsdiq edilsin (əlavə olunur – Əlavə III).

4. «Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur – Əlavə IV).

5. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada təsdiq edilsin (əlavə olunur – Əlavə V).

6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:

       6.1. «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin, müəssisə və təşkilatların vəsaitlərinin,  qrantların və digər maliyyə yardımlarının cəlb edilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirsin;

       6.2. Dövlət Proqramının icrası ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

       6.3. özəlləşdirilən dövlət müəssisələrinin borclarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənməsi məqsədi ilə səmərəli tədbirlərin görülməsini təmin etsin;

       6.4. dövlət müəssisələri və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyinin qorunması üçün zəruri tədbirlər həyata keçirsin.

7. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılsın:

       7.1. sərəncamlarında olan  dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin etsinlər;

       7.2. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməsinlər və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbir görsünlər;

       7.3. balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün vaxtında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim olunmasını təmin etsinlər;

      7.4. dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi, o cümlədən icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə və istifadəsi mümkün olan əmlakın balansdan silinməsinə yol verilməməsi üçün zəruri tədbirlər görsünlər;

      7.5. borclara görə dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin əmlakının siyahıya alınması, hərraclarda satışı və qiymətləndirilməsi hallarında dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadəsini, dövlətin mənafeyinin qorunmasını və sui-istifadə hallarının qarşısının alınmasını təmin etsinlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti  bir ay müddətində:

      8.1. özəlləşdirilən dövlət əmlakının və torpaq sahələrinin qiymətləndirilməsi, habelə daşınmaz dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi barədə mövcud normativ hüquqi aktlara müvafiq dəyişikliklər etsin;

      8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

      8.3. dövlət müəssisə və təşkilatlarının balansında olan əmlakın qorunub saxlanılması və səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı həmin müəssisə və təşkilatların vəzifəli şəxslərinin hüquqi məsuliyyətinin gücləndirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

       8.4. bu Fərmanın 1-ci bəndi ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 9.2-ci bəndində göstərilən xüsusi hesabatın formasını və orada göstərilməli olan məlumatların siyahısını təsdiq etsin;

       8.5. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mərkəzi aparatının və onun ərazi bölmələrinin fəaliyyətinin səmərəli təşkili məqsədi ilə işçilərin say həddinin artırılması və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı məsələləri həll etsin;

      8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844; 2001-ci il, № 7, maddə 470, № 10, maddə 640; 2002-ci il, № 12, maddə 725; 2003-cü il, № 9, maddə 475, №10, maddələr 569, 585; 2004-cü il, № 9, maddə 678; 2005-ci il, № 5, maddə 400; 2006-cı il, № 7, maddə 590) qüvvədən düşmüş hesab edilsin.

10. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6iyun 2007-ci il.