Tarix

     Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu i tarixli Fərmanı ilə isə Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilmişdir.

    04 may 2015-ci il tarixli 516 nömrəli Fərmana əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsinə dəyişikliklər edilmiş, eləcə də komitənin strukturu və tabeliyində olan qurumların siyahısı təsdiq edilmişdir. Müvafiq Fərmanla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

   Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkilinin, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

   Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

   Komitənin fəaliyyət istiqamətləri əsasən, torpaq bazarının təşkil edilməsi, inzibati ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi üçün tədbirlər görmək, bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrindən səmərəli istifadə edilməsində, torpaqların mühafizəsinin və keyfiyyətinin yaxşılaşdırılmasında, torpaq sahəsi üzərində öhdəlik, məhdudiyyət və servitutların yerinə yetirilməsində torpaq qanunvericiliyinin tələblərinə riayət edilməsini təmin etməkdən ibarətdir.